“Sumqayıt narkomaniyaya yox deyir” adlı rəsm sərgisi açılıb
Sumqayıt, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyasında mövcud pandemiya qaydalarına uyğun olaraq, “Sumqayıt narkomaniyaya yox deyir” adlı rəsm sərgisi keçirilib. Tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı reallaşıb.
Sərginin keçirilməsini şəhər Polis İdarəsi, Narkoloji Dispanser və Təhsil Şöbəsi dəstəkləyib.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova AZƏRTAC-a bildirib ki, məqsəd yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı məlumatlandırmaq, istedadlı və yaradıcı gənclərin bacarıqlarını üzə çıxartmaq və dəstəkləməkdir.
Sərgidə rəssamlar öz əsərləri ilə narkomaniyanın törətdiyi fəsadları nümayiş etdirərək, gəncləri bəşəriyyət üçün ən böyük bəladan uzaq olmağa səsləyiblər.
Sonda gənc rəssamlara sərgidə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.