REGİONLAR
Xocavənddə Novruz bayramı münasibətilə əsgər və zabitlərlə görüş keçirilib








Xocavənd, 17 mart, AZƏRTAC
Xocavənd Rayon İcra Hakimiyyəti ilə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində N saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib. Tədbirdə hərbi hissənin komandanlığı, fəal gənclər, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin sədri Bəhruz Məmmədov və Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev tədbirdə çıxış edərək, əsgər və zabitləri bayram münasibətilə təbrik ediblər. Natiqlər çətin və şərəfli xidmətdə hərbçilərimizə müvəffəqiyyətlər arzulayıblar.
Hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.
Hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib və belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib.
Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə davam edib.