® “Counter-Strike”: Naxçıvan təmsilçisi bütün rəqiblərindən üstün olub
Bakı, 7 dekabr, AZƏRTAC
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən “Counter-Strike: Global Offensive” (CS:GO) oyunu üzrə Azərbaycan birinciliyində növbəti qarşılaşmalar keçirilib.
AZƏRTAC xəbər verir ki, GLA-nın təşkilatçılığı, “Mountain Dew” şirkətinin tərəfdaşlığı ilə reallaşan və dünyanın ən populyar virtual döyüş oyunu olan CS:GO üzrə birincilik Naxçıvan təmsilçisinin qələbəsi ilə yadda qalıb. Finalda “Lankaran Heroes”i 2:0 hesabı ilə üstələyən “Nakchivan Alinja Tower” yarışın qalibi adını qazanıb. Üçüncü yer uğrunda mübarizədə “Karabakh Horses” eyni hesabla “Quba Tigers”i məğlub edib. Güclülər arasında ən zəif nəticə göstərən “Quba Tiger” ikinci diviziona enib. İkinci divizionun qalibi “Shaki Khans” isə artıq güclülərin yarışında çıxış etmək imkanı əldə edib. Zəif nəticə göstərən “Old City” kollektivi ikinci divizionu tərk edib. Yeni yarışda onları “Balakhani Oilers” əvəz edəcək.
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiber idman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiber idman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.