® “Kapital Bank” Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərib
Bakı, 9 fevral, AZƏRTAC
Türkiyədə baş verən təbii fəlakət nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədilə “Kapital Bank” tərəfindən yaradılan “Qırmızı Ürəklər” Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanması aksiyasına start verib.
AZƏRTAC xəbər verir ki, hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan soydaşlarımızın, həmçinin müxtəlif şirkətlərin ianələri hesabına cəmi bir gün ərzində 200 min manatdan çox vəsait toplanıb. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az saytı, Birbank rəqəmsal bankı, eləcə də “Kapital Bank”ın ödəniş terminalları vasitəsilə “Qırmızı Ürəklər” Fonduna ianə edərək, bu təşəbbüsə siz də qoşula bilərsiniz. Toplanan vəsaitlər Türkiyədə fəaliyyət göstərən Ahbap xeyriyyə fondu vasitəsilə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq.
Qeyd edək ki, zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə “PAŞA Holding” və “Kapital Bank” da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna - Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min ABŞ dolları olmaqla ümumilikdə 1 milyon dollar məbləğində ianə ediblər.
“Kapital Bank” hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyir. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.