® Mərkəzi Gömrük Hospitalında Açıq qapı günü keçirilib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinə Açıq qapı günü keçirilib.
Tədbirin açılış mərasimində Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev media nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, Hospitalın fəaliyyəti, Kardiologiya şöbəsi barədə, eləcə də Azərbaycanda nadir icra edilən, lakin Mərkəzi Gömrük Hospitalında gündəlik cərrahi əməliyyatlar sırasına daxil olmuş kəsiksiz, qasıqdan girilərək ürəyin klapanı dəyişdirilən TAVİ və digər əməliyyatlar barədə ətraflı məlumat verib. Baş həkim bildirib ki, bir neçə il əvvələ qədər fantastik görünən ən çətin və mürəkkəb əməliyyatlar Mərkəzi Gömrük Hospitalında ödənişsiz, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra edilir.
Qeyd olunub ki, ölkəmizdə səhiyyənin inkişafına böyük diqqət və önəm verilir və bu sahənin modernləşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi, səhiyyə iqtisadiyyatının gücləndirilməsi dövlətimiz üçün prioritet məsələlərdən biridir. Hospitalda davamlı şəkildə yenidənqurma işləri aparılır, müasirləşdirmə prinsipini əsas tutaraq müasir texnologiyaların istifadəsi ilə yeni tibbi xidmətlər tətbiq edilir və peşəkar kadr hazırlığına xüsusi diqqət yetirilir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidməti İdarəsi rəisinin müavini İsmayıl Əfəndiyev bildirib ki, Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə mütəmadi şəkildə respublikanın bir çox regionlarında keçirilən tibbi-sosial aksiyalar, eləcə də əməkdaşlıqla bağlı imzaladığı memorandumlar və buna uyğun olaraq həyata keçirilən tədbirlər barədə danışıb.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu rəhbərlik etdiyi şöbənin fəaliyyəti, burada hazırda bir sıra ölkələrdə hələ də tətbiq olunmayan İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan TAVİ, EVAR, TEVAR və digər əməliyyatlar barədə ətraflı məlumat verib.
Sonra tədbir iştirakçıları Kardiologiya şöbəsinin müayinə otaqları ilə tanış olub və anju otağında 84 yaşlı pasiyentin üzərində icra edilən TAVİ əməliyyatını canlı izləyiblər. Əməliyyat zamanı heç bir kəsik aparılmadan döş qəfəsində ümumi anesteziya verilmədən ayaq damarından girilərək yeni aorta klapanı yerləşdirilib.
Sonra Kardiologiya şöbəsinin kardioloqu Ləman Eyvazlı xəstəni transezofagial EXO vasitəsilə müayinə edərək qoyulmuş yeni qapağın bütün strukturunun və digər qapaqların dəyərləndirilməsini aparıb. Əməliyyat uğurla başa çatıb.
Hospitalın kardiologiya şöbəsində keçirilən Açıq qapı gününün məqsədi media nümayəndələrinə, həkim rezidentlərə tibb müəssisəsinin fəaliyyəti, həkimlərin həyata keçirdiyi prosedurlar, müalicə üsulları, onların icra etdikləri cərrahi əməliyyatlar haqqında məlumat verməklə yanaşı, onlarla daha yaxından ünsiyyət qurmaq imkanı yaradıb.
Tədbirin yekununda xatirə şəkli çəkilib.
Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi