İQTİSADİYYAT
® “Nar” 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb
Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb. Belə ki, mobil operator ötən ildə 1055-dən çox 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60 faizdən çox artıraraq 2779-a çatdırıb. Mobil operator ötən il 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.
“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245 faiz, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80 faiz artırmağa nail olub. Hazırda “Nar” 8700-dən çox baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G istifadəçilərinin 67 faizi Bakının, 33 faizi isə regionların payına düşür.