® “Qırmızı Ürəklər Fondu”nun əməkdaşları Türkiyədə işgüzar səfərdə olublar
“Qırmızı Ürəklər Fondu”nun əməkdaşları Türkiyədə işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrini gücləndirmək məqsədilə görüşlər keçiriblər.
Səfər çərçivəsində fondun prezidenti Sevda Haqverdiyeva və vitse-prezident Nihad Salmanlı “Türk Eğitim Vakfı”nın sədri Banu Taşkın, “Ahbap Derneği”nin koordinatoru Gonca Akpınar, “Nef Vakfı”nın sosial xidmətlər üzrə koordinatoru Ercument Arabacı, “Sabancı Vakfı”nın sədri Nevgül Bilsel, “Vehbi Koç Vakfı”nın xüsusi layihələr üzrə meneceri Seçil Kınay, kommunikasiyalar üzrə menecer Çiğdem Toparlak ilə görüşlər təşkil ediblər.
Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. “Qırmızı Ürəklər Fondu”nun əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nəzəri və praktiki bilikləri ilə tanış olublar. Fond nümayəndələrinə Türkiyə Respublikası daxilində QHT-lərlə işin təşkili, QHT-lərin aid olduqları şirkətlər tərəfindən göstərilən dəstək, ianələrin cəlb edilmə mexanizmi və müstəqil maddi resursların yaradılması haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Red Hearts” - “Qırmızı Ürəklər Fondu” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.