"Azərbaycan xalçaları-ilmələrin rəqsi” kitabının ingilis dilində nəşri təqdim olunub
Bakı, 18 dekabr, AZƏRTAC
“Mədəni İrs” Forumu çərçivəsində Heydər Əliyev Fondu və BP şirkəti Azərbaycanın mədəni irsinin rəmzlərindən olan xalça sənətinə həsr edilən “Azərbaycan xalçaları-ilmələrin rəqsi” kitabının ingilis dilində nəşrini təqdim edib.
AZƏRTAC xəbər verir ki, təqdimatda mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək xalçaçılıq sənətinin təbliğinin vacib məsələ olduğunu bildirib. O qeyd edib ki, “Mədəni irs” Forumu çərçivəsində təqdim olunan bu kitab milli irsimizin dünyada təbliği baxımından çox dəyərli nəşrdir.
Bildirilib ki, BP şirkəti bu gözəl kitabın nəşri ilə bağlı layihəni Azərbaycanın zəngin və qədim tarixini, mənəvi dəyərlərini, füsunkar mədəni irsini və möhtəşəm incəsənət xəzinəsini təbliğ etmək öhdəliyinin bir hissəsi olaraq dəstəkləyib. Nəşrdə hər bir xalçanın təsviri fərqləndirici xüsusiyyətləri haqqında müfəssəl məlumatlarla müşayiət olunur. Bundan əlavə, kitaba layihə, Azərbaycan xalçaçılıq sənətinin tarixi, əsas istiqamətləri və texnikası, həmçinin bu ecazkar layihənin ilham qaynağı olmuş memarlıq və mədəniyyət möcüzələri haqqında məlumatlar daxildir. Nəşrə daxil olan xalçaların hazırlanmasında 6 rəssam və 14 xalçaçı iştirak edib. Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə çərçivəsindəki xalçalar səkkiz il ərzində təbii boyalarla rənglənmiş ipək və yun iplərdən toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub.
Xatırladaq ki, Azərbaycan dilində nəşr və eyniadlı xalça kolleksiyasından ibarət sərgi 2022-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilib.