"Labirint” povesti folklor yaddaşı və bədii təfəkkür kontekstində təhlil edilib
Bakı, 23 oktyabr, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunda tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı İmamverdi İsmayılovun “Labirint” povestinin elmi təhlilinə həsr olunmuş seminar keçirilib. Seminarda Xəzər Universitetinin Folklor İnstitutunda təcrübə keçən tələbələr də iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “İmamverdi İsmayılovun “Labirint” povesti klassik və çağdaş folklor müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə povestin bədii strukturunda insanın daxili dünyası, psixoloji vəziyyəti və cəmiyyətlə münasibətlərinin təsvir xüsusiyyətləri, qəhrəmanın tənhalığı, eləcə də alın yazısı ilə bağlı xalq inanclarının bədii təcəssümü təhlil edilib. L.Məmmədova qeyd edib ki, xalq ədəbiyyatı nümunələrinin əsərin məzmununa üzvi şəkildə daxil edilməsi İmamverdi İsmayılovun nəsrini milli-mədəni yaddaşla əlaqələndirir, onun bədii-estetik məna qatlarını zənginləşdirir.
Məruzəçi müəllifin uşaqlıq illərində nənəsindən, anasından və digər ailə üzvlərindən eşitdiyi fikirlərin, eləcə də özünəməxsus ifadə tərzinin və bədii təsvir vasitələrinin ayrıca tədqiqat istiqaməti kimi əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu materialların öyrənilməsi ənənəvi folklor nümunələrinin müasir nəsrdə yenidən işlənməsi, yeni kontekstlərdə məna qazanması və fərdi müəllif yaradıcılığı ilə qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Labirint: itirilən yol, axtarılan mənzil” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi əsərdə ölüm mövzusunun insanın daxili qorxuları, tənhalığı, peşmanlıqları və həyatın mənasını axtarmaq cəhdləri ilə əlaqəsini şərh edib. O, labirint obrazının qəhrəmanın düşüncələrini, xatirələrini və cavabsız suallarını bir araya gətirən, onun daxili dünyasındakı mürəkkəbliyi ifadə edən simvolik məna daşıdığını vurğulayıb.
Filologiya üzə fəlsəfə doktoru, dosent Gülnar Osmanova “Labirint” povestində folklor kodları və fəlsəfi məzmun” mövzusunda məruzə ilə çıxış edib. O, çağdaş Azərbaycan nəsrində folklor elementlərinin yeni bədii-fəlsəfi kontekstdə işlənməsi məsələsinə diqqət çəkib. Məruzədə povestin adı və labirint obrazının mifoloji-ədəbi semantikası, xalqın mərasim və inanc sistemi, paremioloji təfəkkürü, dini-mənəvi təsəvvürləri, eləcə də mifoloji simvolların əsərin ideya məzmununun formalaşmasındakı rolu təhlil olunub. G.Osmanova folklor düşüncəsi ilə fəlsəfi refleksiyanın əsərdə qarşılıqlı əlaqədə çıxış etdiyini, milli-mədəni yaddaşın həyat və ölüm, zaman və yaddaş, tənhalıq və ümid kimi universal mövzuların bədii şərhinə cəlb olunduğunu bildirib.
Seminarda filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayevanın “Labirint” povestində folklor yaddaşının bədii-psixoloji təzahürü” mövzusunda məruzəsi də dinlənilib. Məruzəçi əsərdə yer alan xalq deyimlərini və hikmətli ifadələri personajların həyat təcrübəsi, taleyə münasibəti və mənəvi seçimləri kontekstində şərh edib. O, ənənəvi folklor nümunələri ilə müəllifin folklor üslubundan bəhrələnərək yaratdığı fərdi ifadələrin fərqləndirilməsinin elmi təhlil baxımından əhəmiyyətini vurğulayıb.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.