"Qarabağ Azərbaycandır!" pavilyonu Vyetnamda beynəlxalq qida festivalında
Pekin, 7 dekabr, AZƏRTAC
Azərbaycan Hanoyda Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq qida festivalı 2020" ənənəvi xeyriyyə yarmarkasında "Qarabağ Azərbaycandır!" adlı pavilyon ilə təmsil olunub.
Ölkəmizin Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 140 pavilyonun fəaliyyət göstərdiyi yarmarkada Hanoydakı diplomatik korpus, Vyetnam XİN, Xalq Komitələrinin Xarici İşlər idarələri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ölkələr arasında mədəni mübadilələri və qarşılıqlı anlaşmanı təşviqi məqsədi daşıyan yarmarkadakı milli pavilyonumuzun tərtibatında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsi zamanı işğaldan azad olunmuş rayonlarımızın adları qeyd edilib, onların şəkilləri nümayiş olunub. Tərtibatda Azərbaycanın tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən şəkillərdən də istifadə olunub. Səfirlik Azərbaycan haqqında Vyetnam dilində çap etdirdiyi kitablar və digər təbliğat materialları nümayiş edilib, Azərbaycan mətbəxinin ləziz nümunələri iştirakçılara təqdim olunub.
Vyetnam Baş nazirinin müavini, Xarici İşlər naziri Pam Bin Minin həyat yoldaşı, səfir Nquyen Nquyet Nqan xeyriyyə fəaliyyətinə dəstəyə görə Azərbaycan tərəfinə Vyetnam XİN-in təşəkkür sertifikatını təqdim edib.
Qeyd edək ki, "Beynəlxalq qida festivalı 2020" xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur. Satışa çıxarılan məhsullardan əldə olunan vəsait xeyriyyə layihələrinə sərf olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin