"Qəbələ"nin prezidenti: Klubumuz tarixində heç vaxt belə uğursuz start yaşamayıb - MÜSAHİBƏ
Bakı, 29 sentyabr, AZƏRTAC
“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov futbol komandasının cari mövsümdəki çıxışı ilə bağlı AZƏRTAC-a müsahibə verib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna hər iki matçda məğlubiyyətə baxmayaraq, sərgilənən oyun “Qəbələ”nin bu mövsüm də Premyer Liqada yuxarı yerlər uğrunda mübarizə aparacağını deməyə əsas verirdi. Amma komanda çempionata uğursuz start verdi və ilk turda “Sabah”a 0:5 hesabı ilə uduzdu. Avrokubok oyunlarından sonra nə baş verdi ki, komandada bu cür eniş dövrü başladı?
- Çempionata uğursuz başlamağımızın bir neçə səbəbi var. Başlıca səbəb heyətin komplektasiyası və taktiki amillərdir. Yeni gələn oyunçuların klubu, komandanı, oyun tərzini, meydandan kənar yanaşmanı başa düşmələri, həmçinin bizim onları tanımağımız çox vaxt apardı. Digər amil psixoloji məqamla bağlıdır. "Omoniya" ilə ilk oyunda yaxşı çıxış etmişdik, səfərdə qələbə qazanacağımıza inanırdıq. Amma Kiprdə alınan ağır məğlubiyyət komandanı daha çətin psixoloji vəziyyətə saldı. Səfərdən qayıtdıqdan sonra bərpa keçə bilmədən "Sabah"a qarşı oynadıq. Həm yorğunluq, həm də psixoloji durum növbəti ağır məğlubiyyəti şərtləndirdi. İkiqat zərbədən sonra toparlanmaq həqiqətən çətin oldu.

Yeddi turdan sonra “Qəbələ” 4 xalla turnir cədvəlinin sonuncu, yəni, 10-cu pilləsində qərarlaşıb. Komandanın çıxışını və hazırkı durumu necə dəyərləndirirsiniz?
- Nəticələr, təbii ki, qane etmir. "Qəbələ" 18 illik tarixində heç vaxt belə uğursuz start yaşamayıb. Amma mənim həmişəki kimi komandamıza inamım böyükdür. Çünki artıq tələb olunan yanaşma, anlaşma və münasibət görünməyə başlayıb.
Son bir neçə ildə hər mövsümün sonunda heyət, demək olar ki, yenidən qurulur və bu da, təbii olaraq, komandanın çıxışına müəyyən mənada təsir göstərir. Bu problemin həllini nədə görürsünüz?
- Fikrinizlə tam razılaşmıram. Bundan əvvəlki mövsümün sonunda əksər futbolçularımızı qoruyub saxlaya bilmişdik. Bir neçə yeni futbolçu cəlb etmişdik. Amma cari mövsümdə təəssüf ki, maliyyə vəsaitimiz aparıcı oyunçuları qorumağa imkan vermədi. Komandanın uğurlu çıxışı fonunda futbolçuların inkişafı və daha yüksək məbləğ tələb etmələri tam anlaşılan idi. Hazırda qurduğumuz komandanın əksər üzvləri ilə anlaşmamız 2 illikdir. Amma bundan artıq müddətə müqavilə imzalamaq çətindir. Çünki maliyyə dayanıqlılığı yoxdur.

Bilirik ki, “Qəbələ”nin maliyyə durumu digər iddialı klublarla müqayisədə elə də ürəkaçan deyil. Düzdür, dövlət tərəfindən hər mövsüm üçün klublara 3 milyon manat vəsait ayrılır. Amma əlavə gəlir yeri yoxdur. İddialı komanda formalaşdırmaq üçün həm də sponsor lazımdır. Sponsor məsələsi nə yerdədir? Daha əvvəl bir neçə şirkətlə danışıqlar getdiyi barədə məlumatlar var idi...
- Sponsorlarla danışıqlar hər zaman gedir. Ötən mövsümün gedişində müqavilə bağladığımız şirkət akademiyanın fəaliyyətinə dəstək verdi. Buradan onlara təşəkkür, yeni potensial sponsorlara da çağırış edirəm. Klubumuz bütün sahələrdə əməkdaş və sponsor şirkətlərə açıqdır. Qurduğumuz qarşılıqlı iş prinsipi hər iki tərəfə xeyir verir. Qeyd etdiyiniz kimi, maliyyə imkanlarımız o qədər də yüksək deyil. Həmçinin infrastruktur sahəsində xərclərimiz çoxdur.
Bu mövsüm “Qəbələ”nin əsas hədəfi nə olacaq: Premyer Liqada qalmaq, yoxsa avrokuboklar uğrunda mübarizə aparmaq?
- Artıq bir neçə mövsümdür ki, hədəfimiz bəllidir - növbəti oyunda qələbə qazanmaq. Əgər mövsümün sonunda avrokubok şansı yaranarsa, o zaman hədəfdə düzəlişlər edərik.

Siz həm də Klublar Komitəsinin sədrisiniz. Açığı, çempionatın startı ərəfəsində komitənin toplaşacağı, yeni mövsümlə bağlı müzakirələrin aparılacağı gözlənilirdi. Bu, niyə baş vermədi?
- Çempionatın startı ərəfəsi daim çox gərgin olur. Komandaların təlim-məşq toplanışları, eləcə də avrokuboklarda iştirak vaxtı bir az da daraldır. Ona görə də Klublar Komitəsinin həmin dövrdə iclası olmadı.
Yaxın vaxtlarda Klublar Komitəsinin iclası gözlənilirmi və orada hansı məsələlər müzakirə olunacaq?
- İclas və gündəlik haqqında müzakirələr getsə də, indiki halda konkret vaxt barəsində söhbət olmayıb.