AAYDA-nin İdarə Heyətinin sədri Göygöl rayonunda vətəndaşlarla görüşüb
Bakı, 7 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Göygöl rayonunda vətəndaşlarla görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Göygöl rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.