İQTİSADİYYAT
ABƏŞ GƏLƏN İL ƏMƏLİYYAT XƏRCLƏRİNİ VƏ KAPİTAL QOYULUŞLARINI ARTIRMAQ FİKRİNDƏDİR
“bp-Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord jurnalistlərə bildirmişdir ki, şirkət “Çıraq” platformasından hasilatın sürətini artırmağa dair PUD-1 layihəsinin birinci mərhələsini həyata keçirməyə başlamışdır. Gələn ilin mayında başa çatacaq birinci mərhələ platformadakı və Səngəçal terminalındakı neft-qaz obyektlərini modernləşdirmək və gücünü artırmaq vasitəsilə gündəlik hasilatı indiki 140 min barreldən 145 min barrelə qaldırmağa imkan verəcəkdir.
“Çıraq” platformasının məhsuldarlığını daha da artırmaq üçün hazırda işlənilməkdə olan PUD-2 layihəsinin də həyata keçirilməsinə başlamaq və 2004-cü ilin əvvəllərinədək onu sona çatdırmaq nəzərdə tutulur. Buna platformadakı nasosları və terminaldakı ixrac sistemini modernləşdirmək yolu ilə nail olunacaqdır.
Qərb ixrac boru kəmərinin gündəlik gücünü indiki 140 min barreldən ən yüksək göstəriciyə -155 min barrelədək artırmaq məqsədilə tədbirlər görülür. Bu, axının yaxşılaşdırılması üçün kimyəvi reagentlərdən istifadə edilməsi vasitəsilə təmin olunacaqdır.
Gələn il Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi çərçivəsində əməliyyat xərclərini 100 milyon dollara, kapital qoyuluşlarını isə 2 milyard 52 milyon dollara çatdırmaq nəzərdə tutulur. Əməliyyat xərclərinin 2002-ci ildəkinə nisbətən artırılması quyuların və avadanlığın təmiri üçün əlavə işlər görmək zərurəti ilə bağlıdır. Kapital qoyuluşunun artırılması isə AÇG layihəsi üzrə işlərin həcminin genişləndiyini göstərir.