ABŞ ALİMLƏRİ BİOLOJİ ƏLAVƏLƏRƏ ŞÜBHƏ İLƏ YANAŞIRLAR
Alimlərin dediklərinə görə, bəzi tədqiqatların nəticələri ziddiyyətli olmuşdur. Tərəvəz və meyvə ilə zəngin pəhriz ağciyər xərçəngindən qoruyur, lakin A vitamininin sələfi sayılan beta-karotinli bioloji qatışıq isə, əksinə, siqaret çəkənlərdə ağciyər xərçənginin inkişafı riskini artırır. Bu qatışıqların sağlamlığa müsbət təsiri barədə sübutlar nisbətən azdır. Lakin folium turşusunun hamiləliyin ilk dövründə qəbulunun faydası artıq təsdiq olunmuşdur. Gələcək analar bu vitamini uşaqda anadangəlmə qüsurların qarşısını almaq üçün qəbul edirlər.
Bundan əlavə, C və E vitaminli, beta-karotin, sink və mis qatışıqları yaşla bağlı makulyar degenerasiya – görmə qabiliyyətinin tam itirilməsi ilə nəticələnən tor qişası xəstəliyi riskini azaldır. Qadınların menopauza dövründə sümük sınıqlarının qarşısının alınmasında kalsium və D vitamini ilə zəngin bioloji qatışıqların faydasına dair sübutlar var.
Alimlər polivitaminlər üzərində yeni uzunmüddətli tədqiqatlara çağırırlar. Lakin bioloji əlavələr istehsalçıları gileylənirlər ki, belə tədqiqatlar baha başa gəlir və onlar buna vəsait ayırmaq niyyətində deyillər.