ABŞ AZƏRBAYCANLILARI CORC BUŞA SƏS VERƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkənin Azərbaycan mənşəli vətəndaşları da istisna deyildir. Onların əksəriyyəti noyabrın 2-də seçki məntəqəsinə gedəcəkdir. Siyasi mənsubluq müxtəlif olsa da, prezidentliyə namizədə dair ümumi razılıq var. Bunu amerikalı azərbaycanlılar tərəfindən yaradılan «Azərbaycan Buşun lehinə» adlı İnternet səhifəsi də sübut edir.
Amerikanın Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri deyir: «Mən seçimimdə Prezident Buşu dəstəkləyəcəm. O, Azərbaycanpərəst mövqeyi ilə mənim səsimi qazanıb.» Tomris Azəri etiraf edir ki, icmanın üzvləri arasında Buş hökumətinin 4 illik fəaliyyətindən narazı qalanlar da var. Lakin tarixi Vətənlərinə dost münasibətə görə, Prezident Corc Buşa səs verəcəklər.
Virciniya ştatının sakini Bədir Məmmədli vəziyyətdən çıxış yolu tapıb. Seçkilər ərəfəsində onu narahat edən bir sıra məsələlər var - iqtisadi-sosial durum, səhiyyə, İraqdakı müharibə. Siyasi mənsubluğuna görə demokratdır. Ölkədə qanunların Konqres tərəfindən qəbul olunduğunu nəzərə alıb, o, noyabrın 2-də Konqres seçkilərində demokrat namizədlərə səs verəcəkdir. Prezidentliyə dair bülletendə isə Corc Buşun adını qeyd edəcəkdir: «Bir azərbaycanlı kimi, mənə Azərbaycanın maraqları hər şeydən üstündür. Hansı namizədin vətənimə dost münasibət bəsləməsi və ədalətsiz erməni çağırışlarına boyun əyməməsi mənim üçün vacibdir.»
ABŞ-da yaşayan çoxsaylı həmvətənlərimiz səsvermə hüququna malik deyillər. Yalnız daimi yaşayış qeydiyyatından keçərək vətəndaşlıq qazandıqdan sonra iştirak edə bilərlər. Amma gələcəkdə amerikalı azərbaycanlıların təkcə kəmiyyəti deyil, seçkidə iştirakının keyfiyyəti də artmalıdır. Bədir Məmmədli bildirir ki, amerikalı azərbaycanlılar arasında kifayət qədər mütəşəkkillik hiss olunmur: «Aramızda Azərbaycanpərəst mövqeyinə görə Prezident Buşu dəstəkləyənlər çoxdur. Lakin təəssuf ki, bunu icmanın adınan rəsmi şəkildə Buş kampaniyasının təmsilçilərinə çatdıra bilməmişik.»