ABŞ-da insanın koronavirusa yoluxub–yoluxmadığını müəyyən edən maska hazırlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Amerikalı mütəxəssislər yeni qoruyucu maska hazırlayıblar, həmin maska vasitəsilə onu taxan şəxsin yeni koronavirusa yoluxub-yoluxmadığını müəyyən etmək olar. AZƏRTAC xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun saytında dərc olunan məqalədə deyilir.
İnstitutun mütəxəssisləri, Harvard Universitetindən olan həmkarları ilə birlikdə çıxarılıb taxıla bilən kiçik sensorlu prototip maska hazırlayıblar. O həm də, laboratoriya xalatına və digər geyimə tikilə bilər.
Sensor, maska taxıldıqdan təxminən saat yarım sonra nəticə verir. Sensoru, göstəricilər ətrafdakı insanlara görünmədiyi şəkildə işə salmaq olar. Bu cür imkan məxfilik məqsədilə nəzərdə tutulub.
Nəşrdə, bu tip sensorların hazırlanmasına bir neçə il əvvəl başlandığı qeyd edilir. Bunlar əvvəllər Ebola və Zika virus infeksiyalarının aşkar edilməsi üçün tətbiq edilib. Sensordan digər virusların da aşkar edilməsi üçün istifadə edilə bilər.
Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin verdiyi məlumata görə, epidemiyanın başlanğıcından bəri ABŞ-da 33,6 milyondan çox koronavirusa yoluxma halı aşkar edilib, 604 mindən çox insan ölüb. ABŞ hər iki göstəriciyə görə dünyada birinci yerdədir.