ABŞ-dəki soydaşlarımız Azərbaycan diasporunun təşkilatlanması ilə bağlı işlər barədə məlumatlandırılıb
Bakı, 10 aprel, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının ABŞ-yə səfəri çərçivəsində Kaliforniya ştatının San-Xose və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Aynur Ağayeva tədbiri açaraq, təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.
Sonra Komitənin fəaliyyətini əks etdirən videoçarxlar və Diaspor Marşı nümayiş olunub.
Komitə sədri Fuad Muradov İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa, vətənpərvərliyə görə icma üzvlərinə təşəkkür edib, ABŞ-də yaşayan azərbaycanlıların ölkəmizin mədəniyyətinin tanıdılmasında böyük rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan Fuad Muradov DİDK-nın çoxşaxəli fəaliyyət istiqamətləri, diaspor təşkilatlarını vahid platformada birləşdirən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun konsulu və ABŞ-dəki səfirliyinin əməkdaşı icmanın fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər. Qeyd olunub ki, Kaliforniya ştatında ən çox azərbaycanlı San-Xose şəhərində yaşayır, buradakı gənclərimiz əsasən elm və İT sahələrində çalışırlar.
Müzakirələr zamanı Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələri barədə danışılıb, əldə olunan nailiyyətlərə diqqət cəlb edilib.
Soydaşlarımız bu görüşü həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlanması üçün atılan mühüm addımlardan biri kimi dəyərləndiriblər. Onlar bundan sonra da yaşadıqları ölkədə dövlətimizin haqlı mövqeyini müdafiə edəcəklərini, Azərbaycan xalqının və dövlətinin mənafeyini daim uca tutacaqlarını bildiriblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi və sualların cavablandırılması ilə davam edib.