ABŞ EKSPERTLƏRİNİN GÜRCÜSTAN HÖKUMƏTİNƏ TÖVSİYƏLƏRİ
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, ABŞ-ın “Beynəlxalq Münasibətlər Şurası” tədqiqat mərkəzi Gürcüstan hökumətinə onun yaxın 100 gün ərzində fəaliyyəti barədə tövsiyələr göndərmişdir. “Gürcüstanda sabitlik, təhlükəsizlik və suverenlik” adlanan sənəddə deyilir “Martın 28-də ədalətli seçkilər keçirilməsi ölkənin demokratik inkişafında növbəti addım olmalıdır”.
ABŞ ekspertləri hökumətə “ölkəni böhrandan çıxarmaq və sosial borcları, ilk növbədə, polis əməkdaşlarının və hərbi qulluqçuların əmək haqqını ödəmək üçün donor yardımı almağı”, dövlət qurumlarında korrupsiya ilə ciddi mübarizə aparmağı tövsiyə edirlər. Onlar Gürcüstanın yeni iqtidarına Acarıstanla münasibətləri ehtiyatla qurmağı və muxtariyyətin başçısı Aslan Abaşidzeni ona qarşı hərbi güc işlədilməyəcəyinə inandırmağı da məsləhət görürlər.