ABŞ HƏRBÇİLƏRİ İRANA ZƏRBƏ ENDİRİLMƏSİNİN SƏMƏRƏSİNƏ İNANMIRLAR
Jurnal yazır ki, ABŞ-ın İranda zərbə endirəcəyi obyektlərin siyahısı hazırlanır. Lakin Pentaqonun yüksək vəzifəli rəhbərləri bildirmişlər ki, hərbçilər İran obyektlərinə hava zərbələri endirilməsinin səmərəsinə inanmırlar.
Jurnalın yazdığına görə, müdafiə naziri Donald Ramsfeld Senatın silahlı qüvvələr komitəsinin sədri, respublikaçı Con Uornerdən komitədə İrana qarşı hərbi əməliyyatlarla bağlı müzakirələr aparmamağı xahiş etmişdir.
ABŞ hərbçilərinin fikrincə, İranın nüvə obyektlərinin pərakəndəliyi hərbi zərbələr nəticəsində Tehranın nüvə proqramının yalnız qismən dayandırılmasına səbəb olacaqdır. İran isə ABŞ-a İraqda, Əfqanıstanda, Fars körfəzi ölkələrində, Livanın cənubunda İsrailə zərbə endirməklə, yaxud Qərb ölkələrində terror aktları törətməklə cavab verə bilər. ABŞ hərbçilərinin hərbi əməliyyatların keçirilməsinə tərəddüdlə yanaşması Prezidenti İrana qarşı sərt siyasətdən hansısa mərhələdə çəkinməyə və bəlkə də, Tehranla birbaşa danışıqlara getməyə vadar edəcəyi istisna deyildir.