ABŞ Kabildəki səfirliyinin təcili təxliyə planını hazırlayır
Bakı, 3 iyul, AZƏRTAC
ABŞ hərbi komandanlığı “Taliban” hərəkatı tərəfindən təcavüz olunduğu təqdirdə Əfqanıstanda fəaliyyət göstərən ölkə səfirliyinin əməkdaşlarının təcili təxliyə planını hazırlayır.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar rəhbərliyi qoşunların Əfqanıstandan çıxarılması prosesi başa çatdıqdan sonra burada qalacaq diplomatların və hərbçilərin məcburi təxliyə planlamasını sürətləndirib. Plan “ABŞ səfirliyini qoruyan hökumət qüvvələrinin və amerikalı hərbçilərin “Taliban” hərəkətlərinin hücumlarının öhdəsindən gələ bilmədiyi hallar üçün nəzərdə tutulub. Bundan başqa, diplomatlar və hərbçilərdən başqa digər ABŞ vətəndaşları da ölkədən təxliyə edilə bilər.
Pentaqon adətən “hadisələrin demək olar bütün mümkün inkişaf ssenarilərinə uyğun” fəaliyyət qaydası hazırlayır. Əfqanıstanda vəziyyətin kəskinləşməsi fonunda bu hazırlıqlar son vaxtlar daha da aktivləşib.
Qeyd edək ki, Cozef Bayden aprelin 14-də Birləşmiş Ştatlar tarixində ən uzun sürən xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlayıb. Əməliyyatın pik dövrü sayılan 2010-2013-cü illərdə bu ölkədəki xarici qoşunların sayı 150 min nəfərdən çox olub. Əsas qoşun hissələri 2014-cü ildə Əfqanıstandan çıxarılıb. Cari ilin may ayında ABŞ öz qoşunlarını Əfqanıstandan tam çıxarmağa başlayıb və bu prosesin sentyabrın 11-dək tamamlanacağı planlaşdırılıb.