ABŞ KONQRESMENİ XOCALI FACİƏSİNİ BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏT ADLANDIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri, Pensilvaniya ştatını təmsil edən Bill Şuster Nümayəndələr palatasında Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış etmişdir. O, spiker Nensi Peloziyə müraciətlə demişdir ki, Konqresə seçilən üzvlərin ən böyük üstünlüyü tanınmayan həqiqətləri işıqlandırmaqdadır. Haqqında az məlumat olan belə həqiqətlərdən biri də 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verən faciədir. Üstündən on beş il keçsə də, Azərbaycandan xaricdə Xocalı hadisələrinə göstərilən diqqət və maraq çox azdır.
Konqresmen təəssüflə bildirmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən, indi isə erməni qüvvələrinin nəzarəti altında olan Xocalıda azərbaycanlı əhalinin ən böyük qırğını baş vermişdir.
Bill Şuster “Human Rights Watch” təşkilatına, Amerikanın “Taym”, “Nyusuik” jurnallarına, Rusiyanın “Memorial” təşkilatına və digər beynəlxalq mənbələrə istinadla bəyan etmişdir ki, bu qırğın Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən həyata keçirilmişdir. Bu cinayət nəticəsində 613 mülki vətəndaş, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülmüş, 1275 nəfər əsir götürülmüşdür, 150-dən çox adamın taleyi naməlum olaraq qalır. Şəhəri tərk etməyə çalışan əhalinin bir hissəsi isə mühasirəyə alınaraq qətlə yetirilmişdir. Dörd gün ərzində Xocalıdan Ağdama gətirilən 200 azərbaycanlı cəsədi üzərində təhqir və işgəncə izləri aşkar edilmişdir.
Konqresmen Şuster xatırlatmışdır ki, “Human Rights Watch” təşkilatı mülki əhalinin qətlinə görə “məsuliyyətin tamamilə Qarabağdakı erməni qüvvələri”nin üzərinə düşdüyünü hesab edir. Avropa Şurası Parlament Assambleyasının 324 nömrəli bəyannaməsində də vurğulanır ki, “ermənilər Xocalının bütün əhalisini qətlə yetirmiş və şəhəri darmadağın etmişdilər”.
Bill Şuster baş verənlərin səbəbi barədə Konqresdəki həmkarlarına danışaraq demişdir ki, bunu Ermənistanın müdafiə naziri britaniyalı jurnalist Tomas de Valla söhbətində izah etmişdir. Nazirin sözlərinə görə, “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldırmayacağına inanırdılar. Biz, bunu dəyişə bildik”.
Erməni qüvvələrinin Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyini və müharibə nəticəsində bir milyon azərbaycanlının qaçqın-məcburi köşkün düşdüyünü bildirən Bill Şuster Nümayəndələr palatasının üzvlərinə Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnaməsini də xatırlatmışdır.
Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədri Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət adlandıraraq, bu faciəni unutmayan azərbaycanlılara qoşulmağa çağırmışdır.