ABŞ LİVİYANI “QARA SİYAHI”DAN ÇIXARDI
Bu bəyanatla mayın 15-də ABŞ Dövlət Departamentinin nümayəndəsi çıxış etmişdir. Onun sözlərinə görə, rəsmi məlumat yaxın vaxtlarda açıqlanacaqdır.
Liviya rəhbərliyi ABŞ-ın bəyanatını alqışlamışdır. Xarici işlər naziri Əbdül Rəhman Şalqam demişdir ki, bu qərar iki dövlət arasında münasibətlərin tarixində yeni səhifə açır.
45 gün ərzində həyata keçirilməli olan qərar üç il əvvəl başlanmış prosesi başa çatdırmalıdır. O vaxt Liviya hökuməti nüvə silahı yaradılması üzrə bütün işləri dayandırmağa razı olduğu barədə bəyanat vermişdi.
1988-ci ildə Pan-Amerikan aviaşirkəti təyyarəsinin Şotlandiyanın Lokerbi qəsəbəsi üzərində havada partlamasına görə Liviyanın məsuliyyət daşıdığı bildirilmişdi. Faciə nəticəsində həlak olmuş 270 adamın əksəriyyəti amerikalı idi.
1980-ci ildən Vaşinqton ilə Tripoli arasında münasibətlər dondurulmuş vəziyyətdədir. ABŞ Dövlət Departamenti dəfələrlə bəyan etmişdir ki, Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi beynəlxalq terrorizmin ən böyük sponsor dövlətlərindən biridir.
Lakin ABŞ hökuməti nümayəndələrinin sözlərinə görə, son vaxtlar Tripoli terrorizmdən uzaqlaşmaq istiqamətində bir sıra qətiyyətli addımlar atmışdır və bununla əlaqədar ikitərəfli münasibətləri normallaşdırmağa, o cümlədən ABŞ-ın Liviya paytaxtında səfirlik açmasına imkan yaranmışdır.