ABŞ SƏFİRLİYİ MİLLİ MƏCLİSƏ TƏKRAR SEÇKİLƏRLƏ BAĞLI BƏYANAT YAYMIŞDIR
- Amerika Birləşmiş Ştatları mayın 13-də parlamentə təkrar seçkilərin keçirilməsində müəyyən irəliləyiş olduğuna inanaraq, ATƏT/DTİHB-nin Məhdud seçki müşahidəçi missiyasının 15 may tarixli bəyanatındakı fikirlərə şərik çıxır. Biz xüsusilə barmaqların mürəkkəblənməsi, namizədlərin qeydə alınması, ümumən, maneəsiz seçki kampaniyası və nəticələrin Mərkəzi Seçki Komissiyasının internet səhifəsində operativ yerləşdirilməsi baxımından irəliləyişi bəyənirik. Seçki Monitorinq Mərkəzinin nümayəndələri də daxil olmaqla, böyük sayda yerli müşahidəçinin iştirak etməsini görməyimizə şad olduq. Biz rəsmi nəticələrlə ABŞ hökumətinin dəstəklədiyi “exit-poll”un nəticələri arasında uyğunluğun olduğunu qeyd edirik.
Bununla belə, biz seçkiqabağı mərhələdə pozuntular barədə məlumatlardan, o cümlədən ayrı-ayrı namizədlərə dəstək üçün inzibati səlahiyyətdən sui-istifadə, eləcə də, səsvermə günü ayrı-ayrı məntəqələrdə saxtalaşdırma ittihamları ilə bağlı narahatıq. Bir sıra yerli müşahidəçinin seçki prosesində iştirakı məhdudlaşdırılmışdır.
Biz Azərbaycan rəhbərliyini bu məlumatları araşdırmağa və səhvləri düzəldən tədbirlər görməyə çağırırıq. Bu təkrar seçkilər 2005-ci il 6 noyabr parlament seçkiləri kontekstində nəzərdən keçirilməlidir və biz ATƏT/DTİHB-nin seçki prosesinə dair 1 fevral tarixli geniş hesabatına şərik olduğumuzu bildiririk. Biz Azərbaycan hökumətini ATƏT/DTİHB-nin tövsiyələrini həyata keçirmək üçün onunla işi davam etdirməyə çağırırıq.