ABŞ ŞİMALİ KOREYAYA BİRBAŞA XƏBƏRDARLIQ ETMİŞDİR
KXDR-in nüvə probleminə dair altıtərəfli danışıqlarda ABŞ nümayəndə heyətinə başçılıq edən Hill demişdir ki, Şimali Koreyadan hələ də cavab alınmayıbdır.
Oktyabrın 4-də isə Yaponiya Şimali Koreyanın planlaşdırılmış nüvə sınaqlarından imtina etməsi və nüvə probleminə dair altıtərəfli danışıqlara dərhal qayıtması barədə bəyanatın layihəsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə vermişdir. Sənəddə Yaponiya Pxenyanı xəbərdar edir ki, onun planlaşdırdığı nüvə sınaqları beynəlxalq aləmdə pisləniləcək, regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və təhlükəsizlik üçün qorxu yaradacaq, habelə Təhlükəsizlik Şurası tərəfindən lazımi tədbirlər görülməsinə gətirib çıxaracaqdır.
Bundan əvvəl Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirmişdir ki, Pxenyan nüvə sınaqlarını keçirsə, onun ölkəsi KXDR ilə qarşılıqlı fəaliyyət proqramlarını və şimal qonşusuna iqtisadi yardımı dayandıracaqdır. O, KXDR-i nəzərdə tutulan sınaqları keçirməməyə və nüvə proqramına dair altıtərəfli danışıqlara qayıtmağa çağırmışdır.
Xatırladaq ki, oktyabrın 3-də Şimali Koreya ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün nüvə sınaqları keçirmək niyyətində olduğunu bildirmişdir. Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, bu sınaqlar ABŞ-ın Şimali Koreyaya qarşı düşmənçiliyinin güclənməsinə cavabdır.
İndi BMT Təhlükəsizlik Şurasının üzvləri KXDR-in bu bəyanatına razılaşdırılmış cavab hazırlayırlar.