Abşeron rayonunda fermadan oğurluq etməkdə şübhəli bilinən axtarışda olan şəxs saxlanılıb VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinərək axtarışda olan Hikmət Rəhimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun fermaların birindən generator oğurlayaraq satdığı məlum olub. Rayonun Məmmədli kəndində saxlanılan şəxsin üzərindən hazır bükümlər şəklində qablaşdırılan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonunda, eləcə də, paytaxt ərazisində digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Hikmət Rəhimovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə rayon polis idarəsinin Mehdiabad Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.