REGİONLAR
Abşeron rayonunda iki qəsəbəni birləşdirən yol yenidən qurulur
Xırdalan, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda iki qəsəbəni birləşdirən yol yenidən qurulur. Rayonun Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinə asfalt örtüyü çəkilir. İşlərin gedişini izləyən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, eyni zamanda, qəsəbənin bir sıra ərazilərinə baş çəkib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mehdiabad qəsəbəsində sakinlərin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə Qara Qarayev, Cəfər Cabbarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur.
Görülən işlərlə ətraflı tanış olduqdan sonra başçı adıçəkilən küçədə sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinləri dinləyən rayon rəhbəri mövcud problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Söhbət zamanı bildirilib ki, 2 kilometr uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yolboyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək. Sözügedən küçə Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərib. Bundan başqa küçənin səki hissələrinin də sıradan çıxması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradır. Hazırda sadalanan problemlərin aradan qaldırılması istiqamətində agentlik təxirəsalınmaz tədbirlər həyata keçirir.
Qeyd edilib ki, növbəti mərhələ üzrə artıq küçənin 16 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bunun üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfüqi nişanlanma xətləri ilə təmin ediləcək.