Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Xırdalan, 20 iyul, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin, Mərkəzi Qan Bankının və Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun Xırdalan şəhərində yerləşən Mərkəzi Xəstəxanada təşkil olunan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.
Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xəstəxananın və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və daha sonra qanın verilməsinə başlanılıb.
Qanvermə aksiyasında 100-dən artıq rayon sakini könüllü iştirak edib.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.