Abşeron rayonunda sərnişin avtobusunu idarə edən koronaviruslu sürücü aşkarlanıb VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Abşeron rayonunda ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən 27 şəxs barəsində protokol tərtib edilib. Həmçinin koronavirus xəstəsi olan və sərnişin avtobusu idarə edən bir sürücü aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərində növbəti profilaktik tədbir keçiriblər. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin profilaktik tədbir zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sanitar-karantin qaydalarına əməl etməyən şəxslər müəyyənləşdirilib və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyənləşdirilərək cərimələniblər. Xırdalanda keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 27 şəxsə protokol tərtib edilib.
Reyd zamanı, həmçinin aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan, amma buna baxmayaraq sərnişin avtobusunu idarə edən sürücü də aşkarlanıb. Polis əməkdaşları 523 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq, işə çıxdığını və avtobusu idarə etdiyini müəyyənləşdiriblər. Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xətdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb. Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanıb. Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.
Abşeron rayonu ərazisində COVID-19 virusunun yayılmasının qarşısının alınması istiqamətinə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.