Abşeronda Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim edilib
Xırdalan, 27 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Silahlı Qüvvələr Günü Abşeron rayonunda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Xırdalandakı Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə dövlət himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 44 günlük Vətən müharibəsindəki Qələbəmizi əks etdirən videoçarx nümayiş olunub.
Çıxışlarda bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yüksək səviyyədə və peşəkarlıqla yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazıblar. Prezident İlham Əliyevin müdrik rəhbərliyi, möhkəm iradəsi və düzgün qərarları sayəsində 44 gün ərzində mənfur düşmən məğlub edildi, Qarabağ işğaldan azad olundu. Bildirilib ki, xalqımız bu Qələbənin qazanılmasına görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə Azərbaycan Ordusuna borcludur.
Abşeron Rayon Səfərbərlik Şöbəsinin Çağırış bölməsinin rəisi, mayor Fuad Zeynallı çıxış edərək hərbi qulluqçuları bayram münasibətilə təbrik edib. Vətən müharibəsinin 53 iştirakçısına Prezidentin sərəncamları ilə təltif edildikləri medallar təqdim olunub. Eyni zamanda, rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Abşeron Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.