ABU PEŞƏKAR LİQADA GÜCÜNÜ SINAMIŞDIR
İkinci oyunda ABU turnirin sahiblərinə – “Kuban” komandasına 23:27 hesabı ilə məğlub olmuşdur. Valeri Pevnitski demişdir ki, görüş zamanı daha gənc oyunçuları yoxlamağı qərara almışdır. Bu dəfə də Tankatskaya (6 top) fərqlənmişdir.
Üçüncü oyunda ABU “Astraxanoçka” ilə yaxşı oynamış, lakin sonda qələbəni əldən vermişdir – 21:24. Tankatskaya 8, Rumiyə Xametova isə 7 top vurmuşlar.
Nəhayət, 4-cü görüşdə həndbolçularımız Rusiyanın Zveniqorod şəhərinin “Zvezda” komandasına 26:23 hesabı ilə qalib gəlmişlər. Bu dəfə ABU-nun yeni oyunçusu İrina Axromeyeva (7) fərqlənmişdir.
V.Pevnitskinin fikrincə, bu turnir komandamıza bir aydan sonra 2006-cı ilin Avropa çempionatının seçmə turnirində oynayacağı gərgin rejimdə ( 4 gündə 4 oyun) çıxış etmək imkanı vermişdir. Məlum olduğu kimi, yığma komandamız ikinci qrupa düşmüşdür. Onun rəqibləri Slovakiya, Litva, Portuqaliya, Yunanıstan və Finlandiya həndbolçuları olacaqlar. Oyunlar noyabrın 21-27-də Portuqaliyada keçiriləcəkdir.
Azərbaycanın kişilərdən ibarət həndbol yığma komandası isə oktyabrın 25-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək Çellenc Trofi-2005 turnirinə hazırlaşır. Hikmət Abdullayevin yetirmələri İngiltərə (oktyabrın 25-də), Şotlandiya (oktyabrın 26-da), İrlandiya (oktyabrın 27-də), Malta (oktyabrın 28-də) və Moldova (oktyabrın 29-da) komandaları ilə görüşəcəklər. Baş məşqçinin sözlərinə görə, həndbolçularımız qarşısında finala çıxmaq və qalib gəlmək məqsədi qoyulmuşdur.
Xatırladaq ki, bu, kişilərdən ibarət yığma komandamızın belə turnirdə ikinci çıxışıdır. 2003-cü ildə komandamız finalda Moldova yığmasına məğlub olaraq ikinci yer tutmuşdu.