“ADA Universitetinin yeni Şəki kampusunun strateji dizaynı” üzrə təlim proqramı Milanda davam edib
Bakı, 15 iyul, AZƏRTAC
ADA Universitetinin Milan Politexnik Universiteti ilə birgə təklif etdiyi sertifikatlaşdırılmış praktiki təlim proqramının ikinci modulu Milanda davam edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu modulun əsas məqsədi tarixi və memarlıq binalarının yeni təyinat üzrə bərpası və urbanistik kontekstdə canlandırılması ilə bağlı çoxsaylı nümunələr əsasında nəzəri və praktik bilik verməkdir.
Modulun ilk günündə Milan Politexnik Universitetinin beynəlmiləlləşmə üzrə prorektoru İlarya Valente proqramda iştirak edən 20-dək gənc memarla Şəki kampusu barədə fikir mübadiləsi aparıb, tövsiyələrini bölüşüb.
Proqram iştirakçıları mühazirə və qrup işləri ilə yanaşı Milan, habelə Breşia, Berqamo və Piaçenza şəhərlərinə səfər edib və tarixin müxtəlif dönəmlərində xəstəxana, kilsə, sallaqxana, kazarma və başqa məqsədlər ilə inşa edilmiş və fəaliyyət göstərmiş, hazırda isə təhsil ocağı kimi fəaliyyət göstərən çoxsaylı nümunələrlə tanış olublar.
Bundan əlavə, iştirakçılar UNESCO-nun maddi-mədəni irs siyahısına daxil olan “Cresdi d’ADDA” şəhərciyinə səfər edib, şəhərin kimliyinin qorunması ilə bağlı aparılan siyasət barədə məlumatlandırılıblar. İştirakçılar Milan, Genuya, Turin kimi böyük sənaye və kiçik dağ şəhərlərinin urbanizasiya çətinliklərini aradan qaldırmaq üçün verdiyi qərarlar və yürütdüyü sosialyönümlü siyasətlə tanış olublar. Təlim iştirakçıların Milan Politexnik Universitetinin aidiyyəti laboratoriyalarına baş çəkməsi və qrup işi ilə yekunlaşıb.
Xatırladaq ki, proqramda özəl və dövlət sektorunda, eləcə də şirkət və müəssisələrdə çalışan təcrübəli memarlar və tədqiqatçılar iştirak ediblər.
Qeyd edək ki, üç mərhələdən ibarət təlimin Bakıda keçiriləcək son mərhələsində iştirakçılar qruplara bölünərək Şəkidəki layihənin mövzusu ilə bağlı təkliflərini əsaslandırmaq üçün layihə yönümlü işlər görəcəklər. Həmin layihələr komandalar tərəfindən təhlil, sorğular, rəsmlər, eskizlər, 3D vizuallar və layihə konsepsiyasını təmsil edən ilkin modellərlə təqdim olunacaq. Sertifikat proqramının sonunda keçiriləcək konfransda bütün konsepsiya təklifləri ictimaiyyətə təqdim ediləcək və ən yaxşı layihələr seçiləcək.