ADAU-nun bir qrup əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
Gəncə, 27 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı Rumıniyanın Timişoara Banat Aqrar Elmlər və Baytarlıq Təbabəti Universitetində dünyanın 11 ölkəsindən (Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Misir, Kenya, Monteneqro, Rusiya, Özbəkistan, Tacikistan) olan iştirakçıların qoşulduğu Yaşıl Beynəlxalq Erasmus+ Yay Həftəsi adlı beynəlxalq tədbirdə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi aqrar sahədə potensialın artırılması, işgüzar əlaqələrin yaradılması və inkişafı, universitetlərarası təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.
ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova çıxış edərək Gəncə şəhəri, habelə burada yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti haqqında geniş məlumat vermiş, ölkə başçısı İlham Əliyevin universitetə daim göstərdiyi diqqət və qayğı nəticəsində formalaşdırılmış zəngin maddi-texniki baza, tələbə evləri, yeni tədris korpusu barəsində tədbir iştirakçılarını hərtərəfli məlumatlandırmışdır.
Qeyd edək ki, iyulun 24-dən start götürmüş beynəlxalq tədbirin iyulun 31-dək davam etməsi nəzərdə tutulur.