REGİONLAR
ADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklər








Gəncə, 3 iyun, E. Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov və Ege Universitetinin rektoru Necdet Budak tələbələri maraqlandıran suallara cavablandırıb, fikir və təkliflərini dinləyiblər.
Qeyd olunub ki, bu il aqronomluq, bitki mühafizəsi və iqtisadiyyat ixtisası üzrə III kursu bitirən tələbələr 2023/2024-cü tədris ilində təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcək və avqust ayının 1-dən etibarən “staj I” təcrübə proqramına başlayacaqlar.
Ege Universitetinin prorektoru Banu Yücel istehsalat təcrübəsi keçəcək tələbələrin 8 qrupa ayırdıqlarını və hansı şirkətdə təcrübə keçəcəkləri haqqında məlumat verib.
Yekunda 2022/2023-cü tədris ilində fəallıq göstərən tələbələr fəxri fərmanlarla təltif olunublar.