ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı təqdim olunub
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullaya Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) direktoru tərəfindən Xarici dil (ingilis dili) müəllimliyi, Beynəlxalq münasibətlər və Tərcümə (ingilis dili) təhsil proqramları üzrə ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçməsi haqqında sertifikat təqdim olunub.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Xarici Ekspert Komissiyası tərəfindən Azərbaycan Dillər Universitetinin adıçəkilən təhsil proqramlarının IAAR-ın beynəlxalq akkreditasiya standartlarına uyğun hesab olunub. Bu, ADU tarixində bir ilkdir və akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 (beş) illik müddətə verilib.