AFFA TƏHSİL NAZİRLİYİ İLƏ BİRGƏ YENİ LAYİHƏ HƏYATA KEÇİRİR
Almaniyalı mütəxəssislər Bakının orta ümumtəhsil məktəblərinin idman müəllimləri üçün futbol seminarları keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, ilin sonunadək Bakı, Sumqayıt və Abşeron rayonunun bütün orta ümumtəhsil və idman məktəblərini əhatə edəcək bu layihə barədə daha ətraflı oktyabrın 27-də AFFA-da qurumun baş katibi Elxan Məmmədov, vitse-prezident Rauf Əliyev və Təhsil Nazirinin müavini vəzifəsini icra edən Elmar Qasımovun iştirakı ilə mətbuat konfransında məlumat verilmişdir.
Elxan Məmmədov “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq AFFA ilə Təhsil Nazirliyinin sıx əməkdaşlıq etdiyini söyləmişdir. Yeni layihəyə əsasən, orta ümümtəhsil məktəblərində müəllimlər üçün treninqlərin keçirilməsi qərara alınmışdır. İlk belə tədbir Səbail rayonunun orta ümumtəhsil məktəblərində həyata keçiriləcəkdir. Seminarları almaniyalı mütəxəssislər aparacaqlar.
Təhsil nazirinin müavini vəzifəsini icra edən Elmar Qasımov isə AFFA ilə gələcəkdə də bir sıra layihələrin nəzərdə tutulduğunu demişdir. İlk növbədə orta ümumtəhsil məktəbləri arasında turnir təşkil olunacaqdır. Bundan əlavə, Təhsil Nazirliyinin nəzdində bütün idman məktəblərində futbol bölmələrinin açılması qərara alınmışdır. Bu gün 40-a yaxın belə məktəbin fəaliyyət göstərdiyini deyən E.Qasımov təhsil ocaqlarında futbol müəllimləri üçün seminarların keçiriləcəyini söyləmişdir.
Rauf Əliyev isə Azərbaycanda futbolun inkişafına dair Dövlət proqramına uyğun olaraq Azərbaycanda yeni stadionların inşasının, məktəblərin idman ləvazimatları ilə təminatının davam edəcəyini demişdir. O, Azərbaycanın bütün orta ümumtəhsil məktəblərinin stadionlarında süniörtüyün quraşdırılmasının nəzərdə tutulduğunu söyləmişdir.