COP29
Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır
Bakı, 14 noyabr, AZƏRTAC
“COP29 tədbirindən gözləntilərimiz olduqca böyükdür. Xüsusilə, Afrika üçün başlıca hədəflərimiz arasında bərpaolunan enerji mənbələrinə yönəlmiş konkret addımlar yer alır”.
Bu fikirləri COP29 çərçivəsində ölkəmizdə qonaq olan afrikalı nümayəndə, biznesin inkişafı üzrə baş məsləhətçi Barbro Mutombo Ciakudia AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, iqlim maliyyəsinə daha geniş çıxış imkanı Afrika ölkələri üçün həyati əhəmiyyətlidir: “COP28 çərçivəsində 2030-cu ilə qədər Afrikada beş giqavat bərpaolunan enerji istehsal etmək öhdəliyi götürmüşük və bu istiqamətdə irəliləyişə nail olmağı arzulayırıq”.
Afrikalı nümayəndə Azərbaycanın COP29 konfransına ev sahibliyini yüksək dəyərləndirərək təşkilatçılıqdan məmnunluğunu ifadə edib: “Tədbir çox yüksək səviyyədə təşkil olunub və bütün fəaliyyətlər ardıcıllıqla həyata keçirilir. Bakı gözəl şəhərdir və ölkədə mühüm beynəlxalq nümayəndələrin iştirakı tədbirə əlavə dəyər qatır”.