AĞCABƏDİDƏ GÖRÜLƏSİ İŞLƏR HƏLƏ ÇOXDUR
Müşavirə iştirakçıları Ağcabədi şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil, gül-çiçək dəstələri qoymuş, ümummilli liderimizin xatirəsini dərin ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov 2005-ci ildə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Natiq qeyd etmişdir ki, görkəmli siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi uğurlu nəticələr vermişdir. Ölkə rəhbərinin həyata keçirdiyi müdrik daxili və xarici siyasət, sosial-iqtisadi islahatlar ölkəmizin beynəlxalq aləmdə imicini daha da möhkəmləndirmiş, onun iqtisadi inkişafına sanballı təkan vermiş, istehsal və sosial infrastruktur sahələrində uğurlu nəticələr əldə edilmişdir. Nazirlər Kabinetinin dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında Prezident demişdir ki, Azərbaycan Respublikasında on bir il öncə başlayan dinamik inkişaf 2005-ci ildə ən yüksək səviyyəsinə çatmış, istər xarici siyasətdə, istərsə də iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanılmışdır.
Respublikamızın ən böyük kənd təsərrüfatı rayonu olan Ağcabədidə 2005-ci ildə ötən ildəkindən xeyli çox taxıl, pambıq, kartof, meyvə, ət, süd, yun, yumurta istehsal olunmuşdur. 59.519 ton taxıl (10.223 ton çox), 12162 ton pambıq (3.517 ton çox), 3694 ton kartof (353 ton çox), 11.174 ton meyvə (40 ton çox) götürülmüşdür. Aqrar islahatlar nəticəsində rayon üzrə 44.188 hektar sahə 17 min ailənin mülkiyyətinə verilmiş Hacıbədəlli kəndində Şəki-İpək-Pambıq Səhmdar Cəmiyyətinin “Qarabağ” filialı yaradılmış, “Aqrotexservis” xidməti fəaliyyətə başlamışdır. Aqrar sahənin inkişafını sürətləndirmək üçün 20 nəfər fiziki şəxsə 500 milyon manat kredit verilmişdir.
2005-ci ildə Ağcabədi şəhərində, eləcə də rayonun ayrı-ayrı kəndlərində tikinti-abadlıq, bərpa işləri aparılmışdır. Şəhərdəki Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə, Nizami küçələrinə asfalt salınmış, digər təmir-bərpa işləri görülmüşdür. Şəhərin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Səhiyyə, təhsil, mədəniyyət, poçt rabitəsi sahəsində də bir sıra tədbirlərin həyata keçirilməsi müşavirədə qeyd olunmuşdur. Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 6 yeni məktəb tikilib, bir çox məktəblərdə əsaslı təmir işləri aparılmışdır. Ağcabədililər xalq təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. 2006-cı ildə 3 yeni məktəb binasının, 7 yardımçı sinif otağının tikilməsi nəzərdə tutulmuşdur. Ötən il əhaliyə göstərilən səhiyyə və mədəniyyət xidmətinin səviyyəsi xeyli yüksəlmiş, yeni tibb ocaqları istifadəyə verilmişdir.
Müşavirədə qeyd olunmuşdur ki, ötən il rayon mərkəzində 6 min nömrəlik, 26 kənddə ümumi tutumu 7.800 nömrə olan elektron tipli ATS-lər quraşdırılıb istifadəyə verilmişdir. Cari ildə bütün yaşayış məntəqələrinin telefonlaşdırılmasına başlanacaqdır. Rayon poçtamtı ötən il proqnoz tapşırığına artıqlaması ilə əməl etmiş, əhaliyə 164 milyon manat pullu rabitə xidməti göstərilmişdir. Hesabat ilində rayon əhalisinin elektrik enerjisi ilə təminatı sahəsində də müəyyən işlər görülmüşdür.
“Mil-Massiv” yardımçı stansiyasının gücü 2,5 meqavatdan 4 meqavata çatdırılmış, “Qiyamadınlı” yardımçı stansiyası əsaslı təmir olunmuş, “Muğanlı” və “Qiyamadınlı” yardımçı stansiyalarında yenidənqurma işləri aparılmış, gücü 30 meqavat olan 2 yeni transformator quraşdırılmışdır. Şəhərdə 10 MVA gücündə 35/10 kilovoltluq yeni yardımçı stansiyanın inşaasına başlanmışdır.
2005-ci ildə rayonda yeni istehsal sahələri yaradılmış, əhalinin məşğulluğunu artırmaq məqsədi ilə 39 müxtəlif obyekt tikilib istifadəyə verilmiş, 655 nəfər daimi işə cəlb edilmişdir. Ötən il büdcə gəliri proqnozuna 98,4 faiz, məxaricinə isə 98,3 faiz əməl olunmuşdur.
Rayon ərazisində müvəqqəti məskunlaşmış 18 min nəfərə yaxın qaçqın və məcburi köçkünün həyat şəraitini yaxşılaşdırmaq, məşğulluğunu təmin etmək məqsədi ilə yeni iş yerləri yaradılmış, onların istifadəsinə müvəqqəti olaraq torpaq sahələri verilmişdir.
Bütün bunlara baxmayaraq, hesabat ilində rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin fəaliyyətinin rayon icra hakimiyyəti aparatının qarşıya qoyduğu tələblərə cavab vermədiyi müşavirədə haqlı olaraq tənqid edilmişdir. Görülən işlər, əhaliyə göstərilən xidmətlər dövrün tələblərinə tam cavab vermədiyindən bütün sahələrdə daha ciddi tədbirlər həyata keçirilməlidir.
Canlı diskussiya şəraitində keçən müşavirədə ötən il yol verilmiş nöqsanlardan söhbət açılmış, onların həlli yolları barədə söhbət getmişdir.
Müşavirədə rayon paylayıcı elektrik şəbəkəsinin rəisi Azad Şəmilov, su-kanal idarəsinin rəisi Əli Əliyev, Suvarma sistemləri idarəsinin rəisi Şiraslan Rzayev, mərkəzi xəstəxananın baş həkimi, YAP rayon təşkilatının sədri Arif Quliyev, rayon prokuroru Valeh Vəliyev çıxış edərək qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışmışlar.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hesabat yığıncağında çıxış etmiş, Prezident İlham Əliyevin apardığı qətiyyətli daxili və xarici siyasətin böyük uğurlarından, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Milli Məclisin deputatları Tahir Rzayev və Aqil Abbasov müşavirədə iştirak etmişlər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.