Ağcabədidə keçirilən yürüşdə Ermənistanın işğalçılıq siyasətini, erməni faşizmini pisləyən şüarlar səsləndirilib
Ağcabədi, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə Ağcabədi şəhərində Heydər Əliyev meydanından Şəhidlər xiyabanınadək gənclərin və Xocalıdan olan məcburi köçkünlərin iştirakı ilə yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əllərində Azərbaycanın Dövlət Bayrağını, Xocalı faciəsi qurbanlarının şəkillərini, “Xocalı-23”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımını unutma” və sair çağırışlar yazılan plakatlar tutan yürüş iştirakçıları Ermənistanın işğalçılıq siyasətini, erməni faşizmini pisləyən şüarlar səsləndiriblər.
Yürüş iştirakçıları, həmçinin rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin, əmək kollektivlərinin nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Rayon mədəniyyət evində davam etdirilən tədbirdə məktəblilərin Xocalı faciəsinə həsr etdikləri müxtəlif əl işləri və rəsmlər nümayiş olunub, soyqırımı əks etdirən sənədli film göstərilib.
Tədbirin sonunda ədəbi-bədii kompozisiya göstərilib.