Ağcabədidə “Qarabağ tariximizi öyrənirik – Xocalı” adlı intellektual yarış keçirilib
Ağcabədi, 22 fevral, AZƏRTAC
Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində “Qarabağ tariximizi öyrənirik - Xocalı” adlı intellektual yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ ofisi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Heydər Əliyev Mərkəzi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı, rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və başqaları çıxış edərək, XX əsrin ən dəhşətli faciəsinin başvermə səbəblərindən, Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilən genişmiqyaslı qanlı hərbi cinayətdən, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar. Çıxış edənlər beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini yüksək qiymətləndirib, bu kimi tədbirlərdə gəncləri fəal iştirak etməyə səsləyiblər.
Maarifləndirmə xarakterli intellektual yarışda Ağcabədi şəhərinin ümumtəhsil məktəblərindən 12 komanda iştirak edib. Yarış iştirakçıları “Könlüm keçir Qarabağdan”, “Döyüş alnımıza yazılıb”, “Dövlət rəmzlərimiz”, “Qan yaddaşımız Xocalı”, “Mən azərbaycanlıyam” mövzularında sualları cavablandırıblar.