Ağdam, Bərdə və Tərtər rayonlarında qəhvəyi mərmər bağacığı ilə bağlı monitorinqlər aparılıb
Bakı, 7 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində fitosanitar müfəttişləri tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarında yerləşən müxtəlif meyvə bağlarında (şaftalı, nektarin, armud və s.) monitorinqlər aparılıb.
Monitorinq zamanı qəhvəyi mərmər bağacığının aşkarlanması məqsədilə feromon tələlər asılıb. Eyni zamanda yerli əhaliyə zərərvericinin vurduğu ziyanlar haqqında ətraflı məlumat verilib, həmçinin maarifləndirici buklet və broşürlər paylanılıb, çap materialları müvafiq yerlərə yapışdırılıb.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaq, müvafiq tədbirləri həyata keçirmək xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin Qərb rayonları üzrə (+994 99) 708 85 88), Şimal qərb rayonları üzrə (+994 99) 308 85 88) “Qaynar xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə etmək olar.