SİYASƏT
Ağdam sakini: Tək istəyimiz torpaqlarımızın işğaldan azad edilməsidir
Ağdam, 12 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində yaşayış evlərinə, yardımçı binalara, məktəblərə, mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına, aqrar sahəyə ciddi ziyan dəyib. Lakin düşmənin terror əməllərinə baxmayaraq, cəbhə bölgəsində yaşayan sakinlərdə böyük ruh yüksəkliyi var. Onlar Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandana və dövlətimizə güvənir, qələbənin uzaqda olmadığına inanırlar.
Ağdam rayonunun Şıxlar kəndindən olan məcburi köçkün Elçin Cəfərovun ailəsi ilə birgə məskunlaşdığı ev də erməni hərbçilərinin artilleriya atəşi nəticəsində zərər çəkib. Elçin Cəfərov AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş bölgə müxbiri ilə söhbətində deyib: "Azərbaycan Ordusu Ermənistanın cəbhədəki təxribatlarının qarşısını qətiyyətlə alaraq əks-hücum əməliyyatı ilə işğal altında olan bir sıra kəndlərimizi, yüksəklikləri azad edib. Ordumuzun hücumları qarşısında aciz qalan düşmən yaşayış məntəqələrini atəşə tutur, dinc sakinləri hədəfə alır. Erməni terrorçularının artilleriya atəşi zamanı mərmilərdən biri də bizim evimizin yaxınlığında partlayıb. Nəticədə evimiz zərər çəkib. Ancaq təəssüflənmirik, hər şey yaxşı olacaq. İnanırıq ki, ordumuz düşmən üzərində qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad edəcək və biz doğma kəndimizə qayıdacağıq".
Elçinin anası Mələk xanımın da tək istəyi cəbhədə döyüşən qəhrəman əsgər və zabitlərin tezliklə xalqımıza qələbə sevinci yaşatması və torpaqlarımızın işğaldan azad edilməsidir.