Ağdamda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib
Ağdam, 17 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, treninqlərdə 118 saylı Ağdam şəhər və 119 saylı Ağdam kənd seçki dairələrinin 118 məntəqəsi üzrə, ümumilikdə, 700-dən artıq aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş trenerlər tərəfindən aparılır. Beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.
Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlar əldə edirlər. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.