Ağdamda polis əməkdaşlarının peşə bayramı qeyd olunub
Ağdam, 2 iyul, AZƏRTAC
Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə güllər qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam RPŞ-də davam etdirilən tədbirdə çıxış edən polis polkovniki Pərviz İsmayılov şəxsi heyəti təbrik edib, xalqa sədaqətlə xidmət etməkdə polis əməkdaşlarına müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə Azərbaycan polisinin keçdiyi 103 illik çətin və məsuliyyətli yoldan danışılıb. Polis əməkdaşlarının torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında misilsiz rəşadət və şücaət göstərdikləri, eləcə də respublikada sabitliyin təmin olunmasında müstəsna xidmətləri olduğu bildirilib.
Sonda xidmətdə fərqlənən polis əməkdaşlarına mükafatlar verilib.