Ağdaşda “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri mükafatlandırılıb
Ağdaş, 21 aprel, AZƏRTAC
Ağdaşda rayon Gənclər və İdman İdarəsinin və Ağdaş Dövlət Humanitar Kollecinin (ADHK) birgə təşkilatçılığı ilə tələbə gənclər təşkilatının üzvləri arasında “Şuşa İli”nə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollecdə təşkil olunan yarışda əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin məsul işçisi Səbuhi Musayev, ADHK-in direktoru Namiq Mehdiyev, gənclər və idman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın tarixindən, erməni silahlı qüvvələri tərəfindən işğalından, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, şəhərdə aparılan geniş tikinti-quruculuq və bərpa işlərindən danışıblar. Vurğulanıb ki, bu cür yarışların keçirilməsi gənc nəslin intellektual səviyyəsinin, biliklərinin artırılmasında böyük rol oynayır.
Sonra intellektual oyun üzrə yarışa start verilib. Yarışda hər komandanın tərkibində 6 nəfər olmaqla, 12 komanda iştirak edib. I yeri “Qubadlı”, II yeri “Şuşa”, III yeri isə “Laçın” komandaları qazanıblar. Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları və kubokla mükafatlandırılıblar.