AGF-nin nümayəndəsi: Məqsədimiz bölgələrdə bədii gimnastikanın inkişafına töhfə verməkdir
Qəbələ, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası olaraq hər il çalışırıq ki, müxtəlif yarışları regionlarımızda da keçirək. Məqsədimiz bölgələrdə bədii gimnastikanın inkişafına töhfə verməkdir. Bu baxımdan, bədii gimnastika üzrə “Grace of nature” turnirinin 2025-ci ilin “İdman Paytaxtı” Qəbələdə keçirilməsi heç də təsadüfi deyil.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova söyləyib.
Turnirdə ölkəmizin müxtəlif bölgələrindən 203 gimnastın iştirak etdiyini diqqətə çatdıran AGF nümayəndəsi deyib: “Bu yarış gimnastlarımız, xüsusilə də kiçikyaşlı idmançılarımız üçün böyük motivasiyadır. Çünki onlar həm müxtəlif alətlər üzrə, həm də alətsiz və çoxnövçülük üzrə bacarıqlarını nümayiş etdirirlər. Belə yarışlarda qazandıqları medallar kiçikyaşlı gimnastları daha da ruhlandırır və onlar böyük yarışlarda iştirak etməyə ümid bəsləyirlər”.