“Ağıllı Tingçilik” sahəsində ildə 2 milyona yaxın tingin yetişdirilməsi mümkün olacaq
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin, “Ağıllı Tingçilik” və “Dostluq meşəsi” kompleksinin təməlqoyma mərasimi oldu. Türkiyə ilə birgə həyata keçirilən layihə əsasən 3 komponentdən ibarətdir. “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”ndə 100 nəfərin eyni vaxtda meşə tədbirləri ilə bağlı təlim alması üçün bütün şərait yaradılıb.
Layihənin ikinci hissəsi “Ağıllı Tingçilik” sahəsidir. Həmin sahədə ildə 2 milyona yaxın tingin yetişdirilməsi mümkün olacaq. Məlumdur ki, işğal dövründə 60 min hektara yaxın meşə ərazisi tamamilə məhv edilib. “Ağıllı Tingçilik” sahəsində əsasən yerli ağac və kol cinslərinə xas olan tinglər yetişdiriləcək və azad edilmiş ərazilərdə meşəlik ərazilərin bərpasında, yaşıllıqların salınmasında istifadə olunacaq.
Layihəmizin növbəti hissəsi olaraq “Dostluq meşəsi” salınır. Layihə çərçivəsində ümumi sahəsi 20 hektara yaxın olan “Dostluq meşəsi” və ön hissədə olan 40 hektara yaxın ərazidə, terraslarda meşəliklərin salınması nəzərdə tutulub. Meşənin salınması zamanı ərazinin yerli ağac və kol cinslərinə üstünlük veriləcək. Layihə ümumilikdə 105 hektar ərazini əhatə edəcək. Bu ilin iyununda tikinti işlərinə start verilib. 2024-cü ilin birinci yarısında tikinti işlərinin başa çatdırılması və layihənin fəaliyyətə başlaması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Cəbrayıl rayonu ərazisinə 33 baş ceyranın buraxılmasına da münasibət bildirən nazir müavini Azərbaycanda bu cür reintroduksiya layihələrinin əvvəllər də icra olunduğunu qeyd edib: “Şirvan Milli Parkında olan ceyranlardan 300 başa yaxını Azərbaycan və Gürcüstanın müxtəlif milli parklarına köçürülüb. Reallaşdırılan layihələr arasında azad edilən ərazilərdə dövrü olaraq su bioresurslarının nadir növlərindən sayılan qızıl xallı balığın populyasiyasının bərpası ilə bağlı balıq buraxılışlarının həyata keçirilməsini də nümunə göstərmək olar. Bundan əlavə, bizonların Şahdağ Milli Parkının ərazisinə reintroduksiyası həyata keçirilib. Bizonlar özlərini tarixi areallarında rahat hiss edirlər və onların sayı 7 baş artaraq 31 başa çatıb.
Digər nəzərdə tutulan reintroduksiya layihələrimiz də var. Bezoar keçisinin, Dağıstan turunun tarixi areallarına köçürülməsi planlaşdırılır. Biomüxtəlifliyin bərpasına yönələn belə layihələr azad edilmiş ərazilərdə də davam etdiriləcək”.