Ağırlıqqaldıranımız Amin Osmanov Avropa birinciliyində üç medal qazanıb
Bakı, 4 iyul, AZƏRTAC
Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Körpücük üzərinə Amin Osmanov çıxıb. O, yaşı 17-dək olan oğlanlar arasında 55 kiloqram çəki dərəcəsində mübarizə aparıb. “Göyəzən” klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 99 kiloqram nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. İdmançımız təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 117 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Ümumilikdə 216 kq (99+117) nəticə göstərən A.Osmanov yekun sıralamada da gümüş medal əldə edib.