Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib





Bakı, 14 mart, AZƏRTAC
Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AAF-ın vitse-prezidenti Firdovsi Umudov qeyd edib ki, bu yarışda körpücük üzərinə çıxan hər idmançı cəsarəti və əzmi ilə özünü qalib saymalıdır, onların sağlam ruhda böyüməsi cəmiyyətin qələbəsidir.
Açılış mərasimi 2 mütəxəssis üçün xüsusən əlamətdar olub. Yaxın günlərdə yubileylərini qeyd etmiş Əməkdar məşqçilər Azad Mustafayev (65 yaş) və Oruc Məmmədli (60 yaş) AAF tərəfindən təltif olunublar.
U-15 ölkə birinciliyinin ilk günündə mübarizəyə qoşulan qızların yarışında Şəbnəm Həsənzadə (40 kiloqram) toplamda 84 kiloqram (38 + 46), Zeynəb Bəkirli (45 kiloqram) 81 kiloqram (33 + 48), Mömünə Abdullayeva (49 kiloqram) 80 kiloqram (35 + 45), Zeynəb Həsənova (55 kiloqram) 110 kiloqram (48 + 62), Malikə Biçekuyeva (59 kiloqram) 120 kiloqram (55 + 65), Gülnur Yusifova (64 kiloqram) 105 kiloqram (45 +60), Zəhra Qənbərzadə (+81 kiloqram) 89 kiloqram (39+ 50) nəticə ilə qalib adını qazanıb.
Yeniyetmələrin mübarizəsində isə Aydan Rzayeva (49 kiloqram) toplamda 117 kiloqram (52 + 65) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Jalə Əbilova (55 kiloqram) toplamda 79 kiloqram (33 + 46), Milena Hüseynli (59 kiloqram) 103 kiloqram (43 + 60), Aytən Əliyeva (64 kiloqram) 152 kiloqram (67 + 85), Əsmət Ələsgərova (71 kiloqram) 75 kiloqram (35 + 40), Arzu Qədimova (76 kiloqram) 155 kiloqram (70 + 85), Mələk Hüseynli (+81 kiloqram) 120 kiloqram (53 + 67) nəticə ilə birinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan birinciliyində ümumilikdə 200-ə yaxın atlet iştirak edir.