Ağstafa rayon ictimaiyyətinin nümayəndələri Xocalı şəhidlərinin xatirəsini ehtiramla anıblar
Ağstafa, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə iştirakçılar Xocalı soyqırımına həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov tədbiri açaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən dəhşətli hadisələrdən danışıb. Bildirilib ki, bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilən terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Həmin gün azğın erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər ağır xəsarətlərə məruz qaldı, 1275 nəfər isə girov götürüldü.
Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildi, sənəddə hadisənin baş vermə səbəbləri və günahkarlar təfsilatı ilə açıqlandı. Hazırda Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İnsanlığa və Azərbaycan xalqına qarşı törədilən bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin bu günə qədər yürütdüyü daxili və xarici siyasətin əsas prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərinin, ilk növbədə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində geniş işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası da bu işdə xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.