Ağstafada 20 Yanvar faciəsinin 36-cı ildönümü ehtiramla yad edilib
Ağstafa, 20 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
1990-cı ilin 20 Yanvar faciəsindən 36 il keçir. Bu gün ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayon Şəhidlər xiyabanında keçirilən ümumrayon anım tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub, şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış edib və xalqın haqq səsini dünyaya çatdırıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib və müstəqil dövlətdir, torpaqlarımız işğaldan azad olunub. Ümummilli Liderin və şəhidlərimizin arzuları gerçəkləşib.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən və qatarlardan siqnallar verilib.